Abşeron rayonunun Daş Güzdək qəsəbəsində yerləşən daş karxanalardan birində ölüm hadisəsi qeydə alınıb.
Hadisə nəticəsində 65 yaşlı Cəlilabad rayon sakini Rabil Zərbəliyevin ayağı karxanada istifadə olunan qurğuya düşüb. Ağır xəsarət alan işçi xəstəxanaya aparılarkən yolda vəfat edib.
Ərazidə çoxsaylı karxanaların fəaliyyət göstərməsi səbəbindən hadisənin dəqiq baş verdiyi müəssisənin müəyyənləşdirilməsi çətin olub.
Yerlidən hazırlanan reportajlarda karxanalarda iş şəraiti ilə bağlı ciddi problemlər əksini tapıb. Bildirilib ki, istifadə olunan bəzi avadanlıqlar köhnədir və istismar müddətini başa vurmuş kimi görünür.
Həmçinin bəzi elektrik naqillərinin açıq vəziyyətdə olması qeyd olunub, bu da əlavə təhlükə mənbəyi hesab edilir.
Müşahidələrə görə, işçilərin istirahət və qidalanma şəraiti qənaətbəxş deyil. Eyni zamanda müəssisələrdə əmək müqaviləsi olmadan çalışanların olması haqda suallar yaranır.
Əmək müqaviləsinin olmaması yalnız işçilərin sosial təminatını deyil, həm də bənzər bədbəxt hadisələr zamanı məsuliyyət məsələlərini aktuallaşdırır.