Son günlər hüquq müdafiəçisi Çingiz Qənizadənin irəli sürdüyü ittihamlarla gündəmə gələn David Selivestov (əvvəlki adı Kazım Abbasov) barədə müxtəlif iddialar yayımlanıb.

Bu iddialarda onun ad-soyadını dəyişməsi, bir neçə dəfə dələduzluq törətməsi və başqa cinayət əməllərində təqsirləndirilməsi qeyd edilir. Hazırda xaricə getməsi barədə məlumatlar da yayımlanıb.

gununsesi.info xəbər portalına müsahibəsində Selivestov bildirib ki, onun indiki ad və soyadı uzun müddətdir ictimai fəaliyyətində istifadə etdiyi addır və soyadı anasının rəsmi soyadıdır. O vurğulayıb ki, bu addan heç vaxt kiminsə şəxsiyyətini mənimsəmək, dövlət qurumlarını aldatmaq və ya qanunsuz xeyir əldə etmək məqsədilə istifadə etməyib. Rəsmi münasibətlərdə qanunun tələb etdiyi şəxsiyyət məlumatlarını təqdim etdiyini qeyd edib.

Dələduzluq iddialarına münasibət bildirən Selivestov deyib ki, belə ağır ittihamlar yalnız ümumi söyləmələrlə yox, konkret sübutlarla əsaslandırılmalıdır. O, kimdən, nə vaxt və hansı üsulla pul aldığına dair şikayət, müqavilə, qəbz, bank əməliyyatı və ya məhkəmə qərarının göstərilməsini tələb edib. Xüsusilə mediada yer alan 90 min dollar məbləği ilə bağlı aydınlıq gətirilməsinin vacib olduğunu bildirib.

Selivestov söyləyib ki, həmin məbləğdən çox vəsaitin xeyriyyə aksiyalarına, sosial layihələrə və digər ictimai təşəbbüslərə sərf edildiyini, bu fəaliyyətlərin sənədlərlə, köçürmələrlə və vizual materiallarla təsdiqlənə biləcəyini bildirib. O qeyd edib ki, xeyriyyə fəaliyyəti hüquqi ittihamı avtomatik aradan qaldırmır, lakin fəaliyyətin məqsədi və istiqaməti qiymətləndirilərkən nəzərə alınmalıdır.

Keçmişdə məhkumluq faktının olduğunu xatırladan müxbirə cavabında Selivestov bildirib ki, şəxsin keçmişi onun yeni cinayət törətməsi anlamına gəlməməlidir və məhkəmə qərarı əsasında həll olunmuş iş hüquqi çərçivədə düzgün göstərilməlidir. Heç kəsin məhkəmə hökmü olmadan təqsirli elan edilə bilməyəcəyini vurğulayıb.

Azərbaycandan çıxmasına münasibət bildirən Selivestov deyib ki, ölkəni qaçaraq tərk etməyib. Onun sözlərinə görə, səfər öncədən planlaşdırılıb və daxil olduğu birlik tərəfindən göndərilmiş rəsmi dəvət əsasında həyata keçirilib. O, həmin dəvətin 20 iyul 2026-cı il tarixində göndərildiyini, mediada ona qarşı kampaniyanın isə avqustun 5-dən sonra başladığını bildirib və tarixlərin səfərin qaçış məqsədilə olduğunu inkaredici olduğunu göstərdiyini söyləyib.

Zərurət yaranarsa, rəsmi dəvət və səfərin əsaslarını təsdiq edən sənədləri təqdim etməyə hazır olduğunu açıqlayıb. Dövlət büdcəsindən mənimsənilməyə dair məsələlərə münasibətdə isə Selivestov məhkəmə ilə müəyyən edilmiş vəsaitlərin dövlətə qaytarılmalı olduğunu vurğulayıb və 44 günlük Vətən müharibəsi dövründə ordunun təminatı üçün ayrılmış vəsaitin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Hüquq müdafiəçisi titulu ilə bağlı suallara cavabında o bildirib ki, özünü belə titul ilə təqdim etmədiyini, Qafqaz Yəhudi Birliyi tərəfindən hüquq müdafiəçisi seçildiyini söyləyib. Selivestov əlavə edib ki, insan hüquqlarının müdafiəsi yalnız müəyyən beynəlxalq siyahılarda adı olan şəxsləri qorumaqla ölçülmür və əgər həmin siyahılardakı şəxsləri müdafiə etməyibsə, bunu açıq şəkildə deyir.

O, fəaliyyətini Azərbaycan–İsrail münasibətlərinin möhkəmləndirilməsinə, xalqlararası həmrəyliyə, xeyriyyəçiliyə və dövlətin qanuni maraqlarının müdafiəsinə yönəldiyini, fəaliyyətinə dair materialların (görüşlər, tədbirlər, müraciətlər, foto və videolar) mövcud olduğunu bildirib.

Beynəlxalq təşkilatlara qarşı inamsızlığını dilə gətirən Selivestov bildirib ki, hüquqlarını Azərbaycan qanunları çərçivəsində, ölkənin məhkəmələri və səlahiyyətli orqanları vasitəsilə qoruyacaq. O, siyasətçi olmadığını, hüquq müdafiəçisi, xeyriyyəçi və iş adamı olduğunu bildirib.

Son olaraq Selivestov Azərbaycana qayıdacağını, ölkəsinin vətəndaşı olduğunu və qanuni, açıq şəkildə vətənə dönəcəyini söyləyib.