Qloballaşma şəraitində xalqlararası inteqrasiyanın sürətlənməsi diaspor və lobbi qurumlarının rolunu artırıb. Dövlətlərin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsində xaricdə formalaşan diaspor şəbəkəsi, lobbiçilik fəaliyyəti və milli həmrəylik önəmli amillərdən sayılır.

Müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsləri xaricdə yaşayan azərbaycanlıların vahid milli dəyərlər ətrafında birləşməsi istiqamətində əsas rol oynayıb. Onun dövründə aparılan tədbirlər müxtəlif ölkələrdə soydaşlarımızın təşkilatlanmasına təkan verib.

Bu siyasət indiki dövrdə dövlət səviyyəsində daha da inkişaf etdirilir. Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdən biri olaraq xaricdə yaşayan soydaşlarla əlaqələrin möhkəmləndirilməsi və diaspor quruculuğunun müasir çağırışlara uyğun təşkili diqqət mərkəzindədir.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrin ictimai və siyasi dairələri, elm və media nümayəndələri ilə əlaqələrin qurulması istiqamətində sistemli iş aparılır. 44 günlük Vətən müharibəsi zamanı həm ölkə daxilində, həm də xarici diaspor təşkilatları və soydaşlar ölkənin mövqeyinin müdafiəsində fəal iştirak edərək Azərbaycanın səsini dünyaya çatdırdılar.

Erməni diasporu və bununla əlaqəli kampaniyalara qarşı azərbaycanlıların təşkilatlanması, keçirdikləri aksiyalar və maarifləndirici fəaliyyət xarici auditoriyada ölkəmizin mövqeyinin qorunmasına töhfə verdi. Bu praktik nümunə göstərdi ki, milli həmrəylik yalnız daxildə deyil, xaricdə yaşayanların birliyi baxımından da əhəmiyyətlidir.

Stavropol diyarında fəaliyyət göstərən “Odlar Yurdu” diaspor təşkilatının rəhbəri Fəxrəddin Yarıyev bildirir ki, son illərdə Azərbaycan diasporunun fəaliyyəti xeyli inkişaf edib. O qeyd edir ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor rəhbərləri və təşkilatları Azərbaycanın tarixini, mədəniyyətini və milli dəyərlərini təmsil etməyə çalışır, gənclərin prosesə cəlb olunması və milli bayramların keçirilməsi sahədəki müsbət dəyişikliklərdə özünü göstərir.

Yarıyev həmçinin lobbiçilik istiqamətində irəliləyişlərin olduğunu vurğulayır: soydaşların yerli ictimaiyyət, media və digər qurumlarla əlaqələrinin genişlənməsi ölkəmizlə bağlı daha obyektiv məlumatların yayılmasına imkan yaradır. Onun sözlərinə görə, diaspor təşkilatları arasında əməkdaşlığın artırılması, gənc nəslin fəal iştirakı və müasir kommunikasiya vasitələrindən səmərəli istifadə mövcud dinamikanın qorunması və gücləndirilməsi üçün vacibdir.

Beləliklə, diaspor quruculuğu yalnız xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi yox, eyni zamanda milli maraqların, tarix və mədəniyyətin beynəlxalq səviyyədə təbliği baxımından strateji əhəmiyyət daşıyır. Güclü təşkilatlanma və lobbiçilik imkanlarının genişləndirilməsi Azərbaycanın dünya arenasında mövqeyinin möhkəmlənməsinə töhfə verir.