Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi saxta sosial media profilləri və WhatsApp hesabları vasitəsilə dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının adına dələduzluq edən şəxslərə qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplarla əlaqə saxlayaraq onlara yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz istifadə etdikləri bank kartları və digər məlumatları təmin ediblər.
Məlum olub ki, həmin mobil nömrələr və bank kartları onlayn dələduzluq əməliyyatlarında istifadə edilib; onlar həmçinin qanunsuz onlayn qumar və kazino fəaliyyətində işlədilib.
Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin həmin cinayətkar əməllərə yönəldildiyi aşkar edilib.
Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Xaricdə fəaliyyət göstərən kibercinayətkar qrupların digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində işlər də aparılır.