Azərbaycanın demoqrafik göstəricilərində son illərin mənfi tendensiyası ötən ilin eyni dövrü ilə müqayisədə daha aydın üzə çıxıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar–iyun aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində 40 798 yeni doğulan qeydiyyata alınıb. Bu, ötən ilin həmin dövrü ilə müqayisədə təxminən 4 818 nəfər azalıb.

Qeydiyyat statistikasına görə, bu dövrdə doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqları olub.

Eyni zamanda, ilin ilk altı ayında 30 625 ölüm hadisəsi qeydə alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 225 nəfər çoxdur. Doğumların azalması və ölüm sayının artması ölkənin əmək ehtiyatları, əhalinin qocalma səviyyəsi və milli təhlükəsizlik baxımından ciddi problemlər yarada bilər.

Sosioloq Cabir Tağıyev bildirir ki, bu göstəricilər yalnız statistik məlumatlar olmayıb, cəmiyyətin strukturunda baş verən dərin sosial-iqtisadi dəyişikliklərin və dəyərlər transformasiyasının əlamətləridir. O, təbii artım sürətinin zəifləməsinin əmək bazarı, pensiya sistemi və sosial təminat üçün dağıdıcı nəticələrə səbəb olacağını vurğulayıb.

Tağıyev demoqrafik tarazlığı pozan əsas amillər kimi gənclərin ailə qurmaqdan çəkinməsini, sosial-iqtisadi çətinlikləri, mənzil problemlərini, inflyasiyanı və fərdiyyətçilik meyllərinin güclənməsini göstərib. O, tendensiyanın davam etməsi halında cəmiyyətin sürətlə qocalması, hərbi və müdafiə qabiliyyətinə təsir edən insan kapitalının azalması və bölgələrdə demoqrafik boşluqların yaranmasının qaçılmaz olacağını bildirib.

Sosioloq həmçinin ölüm sayının artması və doğuş azlığının aradan qaldırılması üçün dövlət səviyyəsində təcili və kompleks stimullaşdırıcı tədbirlərin tələb olunduğunu vurğulayıb. Onun təkliflərinə görə, ailə institutunun qorunması, çoxuşaqlı ailələrə dəstəyin gücləndirilməsi, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması və sosial təminatların artırılması istiqamətində radikal islahatlara ehtiyac var; əks halda yaxın onilliklərdə ölkə ciddi demoqrafik böhranla üzləşə bilər.