Martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən Xalq artisti, həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev üçün qəbirüstü abidənin hazırlanmasına başlanılıb.
Heykəltəraş Natiq Əliyev layihə üzərində işlərin getdiyini, eskizlərin hazırlandığını və layihə təsdiqləndikdən sonra icra işlərinə başlanacağını bildirib.
Abidənin meydana gətirilməsi təklifinin mərhumun ailə üzvlərindən gəldiyini deyən Natiq Əliyev iş üzrə hələ yekun qərara gəlmədiklərini, müxtəlif variantlar üzərində müzakirələrin aparıldığını qeyd edib.
O bildirib ki, həm ailə, həm də o, öz təkliflərini irəli sürür və ortaq məxrəcə gəlinəcək: abidənin ilin sonuna qədər hazırlanacağı planlaşdırılır.
Qeyd edək ki, Natiq Əliyev 15 fevral 2023-cü il tarixli sərəncama əsasən Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur. O, Əliağa Vahid, Heydər Əliyev və Xocalı soyqırımı abidələri daxil olmaqla dünyanın bir neçə ölkəsində memorial və qəbirüstü abidələrin, həmçinin Bəxtiyar Vahabzadə, memar Zivər bəy Əhmədbəyov, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Amaliya Pənahova və Xalq yazıçısı Elçin üçün memorial lövhə və abidələrin müəllifidir.