Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi saxta sosial şəbəkə profilləri və WhatsApp ani mesajlaşma hesabları vasitəsilə dövlət qulluqçularının və hüquq-mühafizə orqanları əməkdaşlarının adından törədilən çoxsaylı kiberdələduzluqların qarşısını almaq məqsədilə əməliyyat keçirib.

Tədbir nəticəsində Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplarla əlaqə saxlayaraq onlara yerli mobil operatorlara aid elektron nömrələr, qanunsuz fəaliyyətdə istifadə edilən bank kartları və digər məlumatları təmin ediblər.

Məlum olub ki, bu mobil nömrə və bank kartları onlayn satış yolu ilə təchiz edilərək həmin qruplar tərəfindən cinayət əməlində istifadə edilib. Əməliyyat zamanı qanunsuz yolla əldə olunmuş 2 mindən artıq bank kartı və elektron mobil nömrənin belə fəaliyyətlərə yönəldildiyi aşkarlanıb.

Həmin kart və nömrələrin bir hissəsinin qanunsuz onlayn qumar və kazino fəaliyyətində istifadə olunduğu da müəyyən edilib.

Saxlanılan şəxslərin barəsində əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Eyni zamanda, xaricdə fəaliyyət göstərən kibercinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində iş aparılır.