Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi saxta sosial şəbəkə profilləri və "WhatsApp" mesajlaşma tətbiqi üzərindən dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə etməklə dələduzluq edən şəbəkəyə qarşı əməliyyat keçirib.
Araşdırmalar nəticəsində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplarla əlaqə saxlayaraq onlara yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz məqsədlər üçün istifadə olunan bank kartları və digər zəruri məlumatlar təqdim ediblər.
Əldə olunan sübutlar göstərir ki, həmin mobil nömrə və kartlar onlayn əməliyyatlarda istifadə olunub və bununla əlaqədar müxtəlif kibercinayət əməlləri törədilib. Əməliyyat zamanı qanunsuz yolla əldə edilmiş 2 mindən artıq bank kartı və elektron mobil nömrələrin bu cinayətlərə yönəldildiyi müəyyən edilib.
Həmçinin bəzi kart və nömrələrin onlayn qumar və kazino oyunlarının təşkilində istifadə edildiyi aşkarlanıb.
Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Xaricdə fəaliyyət göstərən qrupların digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Vətəndaşlara bildirilib ki, bank rekvizitlərinin və mobil nömrələrin üçüncü şəxslərə cinayət məqsədilə təqdim edilməsi qəti şəkildə yolverilməzdir. Əgər hesabınıza mənbəyi şübhəli olan vəsait daxil olarsa, kart və ya mobil nömrənizdən qanunsuz istifadə edildiyini aşkar etsəniz, yaxud sizə ödəmə müqabilində kart məlumatlarınızı təqdim etmək təklif olunarsa, dərhal polisə məlumat vermək tövsiyə olunur.