Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ölkə ərazisində saxta sosial şəbəkə profilləri və "WhatsApp" ani mesajlaşma hesablarından istifadə edilməklə dövlət qulluqçularının, habelə hüquq-mühafizə orqanlarının adından yalan məlumatlar yayılaraq törədilən kiberdələduzluqlar üzrə əməliyyat keçirib.

Əməliyyat nəticəsində Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.

İstintaq materiallarına görə, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplarla əlaqə yaradaraq onlara yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə üçün olan bank kartları və digər məlumatlar təqdim ediblər.

Məlum olub ki, həmin mobil nömrələr və bank kartları onlayn satışa çıxarılaraq kiberdələduzluq əməliyyatlarında istifadə edilib. Əməliyyat zamanı qanunsuz yollarla əldə edilmiş 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd olunan cinayətlərdə tətbiq olunduğu müəyyən edilib.

Araşdırma zamanı bəzi kart və mobil nömrələrin onlayn qumar və kazino oyunlarının təşkilində istifadə edildiyi müəyyən edilib.

Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Xaricdə fəaliyyət göstərən qrupların digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əlavə tədbirlər görülür.