Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev Şəmkir rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin nəticələrinin hər bir sürücü üçün ibrət nümunəsi olmalı olduğunu söyləyib.

R.Tağıyev bildirib: “Bu səhvlər yeni faciələrə çevrilmədən nəticə çıxarmalıyıq”. O vurğulayıb ki, hadisənin faciəvi sonluğunu artıq dəyişmək mümkün deyil, lakin oxşar qəzalardan yayınmaq üçün yol hərəkəti iştirakçıları baş verənlərdən nəticə çıxarmalıdırlar.

Şöbə rəisi əlavə edib ki, yolda ehtiyatsızlıq və riskli davranış yalnız qayda pozuntusu ilə bitməyə bilər və sükan arxasında verilən qərarların arxasında insanların həyatı və təhlükəsizliyi dayandığını nəzərə almaq vacibdir.

Rövşən Tağıyev qeyd edib: “Yol hərəkəti qaydalarının arxasında cərimə və məsuliyyətdən daha vacib bir dəyər – insan həyatı dayanır. Buna görə də qaydalara yalnız pozuntuya yol verməmək üçün deyil, özümüzün və başqalarının həyatını qorumaq üçün əməl etməliyik.”

O həmçinin sürücülərə yola çıxdıqları andan etibarən qəbul etdikləri qərarların mümkün nəticələrini nəzərə almağı, təhlükəni əvvəlcədən qiymətləndirməyi və hərəkətlərini mövcud yol şəraitinə uyğun qurmağı tövsiyə edib.

Qeyd edək ki, ötən gün Şəmkirdə “VAZ 2106” və “KIA” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.