Bir sıra ölkələrdə avtomobillərin texniki vəziyyətinə müxtəlif üsullarla nəzarət edilir, lakin Azərbaycanda hələ də rəsmi texniki baxış sistemi tətbiq olunur.

Ölkədə utilizasiya rüsumunun tətbiqi məsələsi müzakirə mövzusu olduğundan, bu mexanizmin texniki baxışın tamamilə aradan qaldırılması üçün əsas olub-olmadığı maraq doğurur.

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov hazırkı mərhələdə texniki baxışın ləğvinə ehtiyac olmadığını bildirib.

“Bizdə hələ texniki baxışa ehtiyac var. Utilizasiya proqramının mövcudluğu o demək deyil ki, texniki baxış ləğv edilməlidir. Texniki baxış xüsusilə köhnə avtomobillərin texniki vəziyyətinə nəzarət baxımından əhəmiyyətlidir.

Yeni avtomobil alındıqda müəyyən müddət ərzində onun texniki baxışdan keçirilməsinə ehtiyac olmur. Lakin avtomobil bir neçə il istismar edildikdən sonra texniki baxış məsələsi aktuallaşır. Bu baxımdan köhnə avtomobillərin texniki vəziyyətinə nəzarət vacibdir”, – deyə ekspert vurğulayıb.

Ekspertin açıqlamasına görə, utilizasiya mexanizmi mövcud olsa da, bu fakt texniki baxışın ləğvi üçün kifayət deyil; sistem xüsusən uzun müddət istismar olunan maşınların texniki vəziyyətinə və yol hərəkəti təhlükəsizliyinə nəzarət baxımından zəruridir.