Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın iştirakı faktiki olaraq dayandırılıb, lakin təşkilatın baş katibi Taalətbek Masadikov son açıqlamasında İrəvanı hələ də müttəfiq hesab etdiklərini və əməkdaşlığın tam bərpası məsələlərinin müzakirəsinə hazır olduqlarını bildirib.
Masadikovun bu bəyanatı Ermənistanla KTMT arasındakı gələcək əlaqələri yenidən müzakirə predmetinə çevirib. Bununla belə, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl 2026-cı ildə təşkilat daxilində fəaliyyətin bərpası üçün konkret addım atılmayacağını açıqlamışdı.
Politoloq Elçin Xalidbəyli deyib ki, Paşinyan hakimiyyətinin KTMT ilə bağlı mövqeyi sabit və prinsipial xarakter daşıyır. Onun sözlərinə görə, həm Rusiya, həm də KTMT İrəvanın qurumda fəaliyyətini bərpa etməsini istəyirlər və rəsmi İrəvana bununla bağlı təzyiqlər olunduğunu müşahidə etmək olar.
Xalidbəyli bildirib ki, İrəvana yaxın aylarda KTMT və Avrasiya İqtisadi İttifaqı ilə bağlı yekun qərarın verilməsi tələb olunduğu və Ermənistanın seçim etməli olduğu barədə mesajlar verilib. Belə mesajların məzmununa görə, ölkə ya Qərbə yaxınlaşma kursunu davam etdirməli, ya da KTMT-də fəaliyyətini bərpa etməlidir; əks halda səsvermə hüququndan məhrum edilmək və ilin sonunda həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından xaric olunmaq riskləri gündəmə gəlir.
Xalidbəyli vurğulayıb ki, Paşinyan həmin hədələrə cavab olaraq bəyan edib ki, Ermənistanın KTMT-də fəaliyyətini bərpa etmək niyyəti yoxdur və indiki mövqeyi dəyişməyəcək. Bu, rəsmi İrəvanın Rusiyanın patronajlığı altında olan hərbi təhlükəsizlik sistemində yer almaq istəmədiyini göstərir.
Avrasiya İqtisadi İttifaqı məsələsində isə Ermənistanın mövqeyi daha mürəkkəbdir. Xalidbəyli qeyd edib ki, Paşinyan Qərbə yaxınlaşmanı prioritet elan etmək niyyətindədir, lakin eyni zamanda hazırkı şəraitdə Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı iqtisadi məqamlara görə ehtiyatlı davranır. Ekspertin fikrincə, İrəvan əsas məqsəd kimi ittifaqdan vaxtından əvvəl çıxışdan yayınmaq və alternativ ticarət bazarları qazanmaq üçün vaxt qazanmağı hədəfləyir.
Politoloq əlavə edib ki, Ermənistan bütün təzyiqlərə baxmayaraq Rusiyanın nəzarətində olan bu iki qurumda qalmaq niyyətində deyil. O hesab edir ki, İrəvanın Qərbə yaxınlaşma siyasətinin israrlı olması Cənubi Qafqazda hərbi təhlükəsizlik sisteminin transformasiyasına işarə edir.
Xalidbəyli nəhayət bildirib ki, Rusiya üçün Ermənistan regionda yeganə forpost rolunu oynayırdı və İrəvan KTMT-dən çıxarsa, Moskvanın Cənubi Qafqazda istinad nöqtəsi demək olar ki, qalmayacaq. Bu halda Cənubi Qafqaz uğrunda Qərb və Rusiya arasında gedən rəqabətdə Qərbin, xüsusən Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin təşəbbüsü ələ keçirmiş ola biləcəyini vurğulayıb.
Ekspertin yekun fikrinə görə, belə bir inkişaf baş verərsə, yaxın perspektivdə regionda geosiyasi, geoiqtisadi və geostrateji proseslər Rusiyanın iştirakı olmadan da davam edə bilər.