Azərbaycan və Özbəkistan arasındakı əlaqələr ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər üzərində formalaşır və xalqlarımız arasında uzun illərdən bəri davam edən dərin qarşılıqlı rəğbətə əsaslanır.

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə söyləyib ki, bu baza dövlətlərarası münasibətlərin son illərdə sürətli inkişafına təkan verib və hazırda əlaqələr yüksək — müttəfiqlik səviyyəsindədir.

Dövlət başçısı vurğulayıb ki, onunla Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad əlaqələrin möhkəmlənməsində, həmçinin iki ölkə arasında müttəfiqliyin dərinləşməsində mühüm rol oynayıb. Prezident Mirziyayevin qardaşlıq və əməkdaşlıq naminə fəaliyyəti Azərbaycanda yüksək hörmət qazanıb.

Son beş il ərzində siyasi dialoqun çox yüksək səviyyədə olduğunu bildirən İlham Əliyev bu müddətdə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin reallaşdığını və intensiv təmasların ikitərəfli münasibətlərin dinamik inkişafına kömək etdiyini qeyd edib.

O, əlavə edib ki, bu dövr onun Özbəkistana üçüncü dövlət səfəri və ümumilikdə həmin qardaş ölkəyə yeddinci səfəridir. Hər səfərin onun üçün xüsusi əhəmiyyətə malik olduğunu, səfərlər zamanı qonaqpərvərlik, qardaşlıq və qarşılıqlı anlaşma mühitinin hökm sürdüyünü söyləyib.

Prezident Özbəkistanda son zamanlar bütün sahələrdə sürətli inkişafın diqqət çəkdiyini, müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, iri infrastruktur layihələrinin icrası və elm, təhsil, mədəniyyət və idmana göstərilən dəstəyin ölkənin inkişaf tempini əyani şəkildə nümayiş etdirdiyini bildirib.

İlham Əliyev deyib ki, Prezident Mirziyayevin rəhbərliyi altında ölkənin kompleks inkişafı, beynəlxalq nüfuzunun möhkəmlənməsi və əsas sahələrdə əldə olunan uğurlar onun dərin hörməti və məmnunluğunu doğurur, bunların hamısı strateji yanaşma və səmərəli dövlət idarəçiliyi nəticəsidir.

2024-cü ilin avqustunda onun Özbəkistana, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinin baş tutduğunu xatırladan Prezident bildirib ki, həmin səfərlər zamanı imzalanan sənədlər, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”, iki ölkə arasında rəsmi müttəfiqliyi möhkəmləndirib və əməkdaşlığın gələcək inkişafına yeni imkanlar açıb.