Jurnalist Ülviyyə Heydərova sosial şəbəkədə əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının fotosunu yayıb və bu paylaşım müzakirələrə yol açıb.
Paylaşımda o, mərhum rəssamın məzarının nəzarətə götürülərək bərpa edilməsinin zəruriliyini vurğulayıb. Həmçinin Mircavadovun ailə üzvlərinin yaşadığı vəziyyətə dair məlumat verib.
Ülviyyə Heydərova bildirib ki, Mircavadovun həyat yoldaşı Lyuba bir neçə il əvvəl vəfat edib, tək oğlu isə, bildiyi qədər, Danimarkada yaşayır və ölkə ilə əlaqəsi yoxdur.
Jurnalist milli və mənəvi dəyərlərə sahib çıxmağın cəmiyyətin məsuliyyəti olduğunu qeyd edib və uyğun qurumların bu istiqamətdə addım atmasını arzulayıb.
Qeyd edək ki, Cavad Mircavadov 1992-ci ildə Kopenhagen-Moskva qatarında hərəkət zamanı dünyasını dəyişib. O, rəssam Tofiq Cavadovun qardaşıdır.