Əməkdar incəsənət xadimi, rəssam Cavad Mircavadovun məzarı baxımsız və dağılmış vəziyyətdədir.

Rəssam Milena Nəbiyeva sosial şəbəkə hesabında mərhumun məzarından çəkilmiş görüntüləri paylaşaraq vəziyyəti diqqətə çatdırıb. Cavad Mircavadovun 1992-ci ildə vəfat etdiyi vurğulanıb.

Nəbiyeva paylaşımında yazıb: "Ümid edirəm, böyük rəssamın məzarı aidiyyəti qurumlar, təşkilatlar tərəfindən nəzarətə götürülərək bərpa olunacaq. Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Amma biz varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa gücümüz var."

O, həmçinin məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Azərbaycan Rəssamlar İttifaqına müraciət etdiyini bildirib.