Energetika Nazirliyinin həyata keçirdiyi “Söndür və qazan!” enerji səmərəliliyi kampaniyası üzrə SOCAR ilə birgə əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında “Energy & AI” hakatonu təşkil olunacaq. BAKU.WS-in məlumatına görə, dekabrın 11-də Bakı Ali Neft Məktəbində baş tutacaq hakatonun əsas məqsədi enerji səmərəliliyi sahəsində mövcud praktik problemlərin həllinə yönəlik innovativ və texnoloji həllərin hazırlanmasına töhfə verəcək süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etməkdir.

Tədbir iştirakçılarına real enerji istehlakına dair məlumatlar təqdim olunacaq. Komandalar bu məlumatları analiz edərək səmərəsiz enerji istehlakı hallarını aşkarlamalı, onların mümkün səbəblərini müəyyənləşdirməli və enerji itkilərinin azaldılmasına yönəlmiş süni intellekt əsaslı rəqəmsal həllər və ya işlək prototiplər hazırlamalıdırlar.

Yarışda energetika, mühəndislik, informasiya texnologiyaları, kompüter elmləri, süni intellekt, data analitikası, iqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə təhsil alan III və IV kurs bakalavriat, magistratura və doktorantura tələbələri iştirak edə bilərlər. Komandalar 3–5 nəfərdən ibarət olmalıdır. Hər komandadan qeydiyyat formasını doldurmağı tələb olunur.

Ümumi mükafat fondu 10 500 manatdır və birinci yerin qalibi olan komanda 5 000 manat, ikinci yer 3 500 manat, üçüncü yer isə 2 000 manat qazanacaq.

İştirak üçün qeydiyyat forması 15 noyabr 2026-cı il tarixinədək https://forms.gle/rMqByepc8iRQiFGCA ünvanı vasitəsilə doldurula bilər.

Əlavə məlumat üçün Nazirliyinin rəsmi veb səhifəsi https://minenergy.gov.az/az/enerji-semereliliyi/enerji-ve-suni-intellekt-hakatonu və ya energyhackathon@minenergy.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.