Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişinin NATO-nun kolektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər bir müddəanı ehtiva etdiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, müqavilədəki ortaq müdafiə anlayışı hər hansı bir problemin yaranması halında üç ölkənin birgə hərəkət etməsinə imkan verir. Ərdoğan bu yanaşmanı NATO-nun 5-ci maddəsinin ehtiva etdiyi prinsiplərlə müqayisə edib.

O bildirib ki, saziş, Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Pakistana qarşı yönələn hücumlar daxil olmaqla, üç ölkədən hər hansı birinə edilmiş təcavüzə reaksiya verilməsini nəzərdə tutur. Hər hansı birinə qarşı hücum baş versə, ortaq müdafiə mexanizmi çərçivəsində ölkələrin qarşılıqlı olaraq lazım olan addımları atmaq imkanları olacaq.

Ərdoğan həmçinin vurğulayıb ki, bu çərçivədə hər bir tərəf digərini mümkün hücumlara qarşı müdafiə etmək üçün müvafiq tədbirləri həyata keçirə biləcək.