Türkiyə Super Liqasında keçirilən Gənclərbirliyi–Fənərbağça qarşılaşması zamanı azyaşlı bir uşağın forması ilə bağlı insident araşdırılmağa başlanıb.

Hadisə Eryaman stadionunda qeydə alınıb. Baş Prokurorluq insidentlə əlaqədar araşdırma başladaraq, məsələni İdmanda zorakılığın və nizamsızlığın qarşısının alınması haqda qanunun və uşağın azadlığının məhdudlaşdırılması maddələri çərçivəsində qiymətləndirir.

İstintaq çərçivəsində sosial şəbəkələrdə yayılan görüntülər təhlil edilib. Məlum olub ki, polis əməkdaşı azyaşlı uşağı qucağına alaraq təhlükəsiz yerə aparıb və görüntülərdə uşağa qarşı fiziki müdaxilə qeydə alınmayıb.

Araşdırma nəticəsində hadisəyə etiraz edən şəxsin Ş.A. olduğu müəyyən edilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq hazırda faktlar üzrə zəruri tədbirləri davam etdirir.