Filippində güclü yağışlar və tropik siklonların eyni vaxtda təsiri geniş dağıntılara yol açıb və azı 23 nəfərin həyatını itirməsi ilə nəticələnib.

Meteoroloji şəraitin kəskin pisləşməsi — cənub-qərb mussonlarının intensivləşməsi ilə birlikdə “Luis” və “Maymay” siklonlarının fəaliyyəti — ölkədə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Hadisədə 23 nəfər həlak olub, 17 nəfər müxtəlif dərəcəli xəsarət alıb və 1 nəfərin itkin düşdüyü bildirilir.

Ən ağır itkilər dağlıq turistik Baqio şəhərində qeydə alınıb. Avqustun 9-da baş vermiş torpaq sürüşməsi zamanı evlərdə yuxuda olan aralarında uşaqların da olduğu 10 nəfər torpaq altında qalaraq həyatını itirib.

Ölkə miqyasında 5 milyondan çox insan hava şəraitinin mənfi təsirlərinə düçar olub. Fırtınalar və sürüşmələr 1 863 evi ciddi şəkildə zədələyib, onlardan 182-si tamamilə yararsız vəziyyətə düşüb.

Təhlükə altında olan ərazilərdən ümumilikdə 24 893 sakin təhlükəsiz ərazilərə köçürülərək ölkə üzrə açılmış 523 rəsmi sığınacaq və təxliyə mərkəzində yerləşdirilib.

Daşqınlar kənd təsərrüfatına da ciddi zərər vurub: geniş tərəvəz sahələri və əkin sahələri su altında qalıb. İlkin hesablamalara görə, aqrar sektora dəyən zərər təxminən 12 milyon dolları aşır.

Filippin hakimiyyəti fəlakətin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə təcili yardım göstərilməsi üçün indiyədək 11,93 milyon dollar vəsait ayırıb. Hadisə bölgəsində xilasetmə işləri və humanitar yardım əməliyyatları davam edir.