ABŞ ordusunun Corciya ştatında, Fort Stüart məntəqəsində yerləşən 3-cü Piyada Diviziyası hərbçilərə müqavilələrini ən azı iki il müddətinə uzatmağa razılaşanlara dörd günlük məzuniyyət təklif edib, məzuniyyətin məqsədi isə “GTA VI” oynamaqdır.
Təklifə görə, müqavilələr 1 avqustdan 14 noyabra qədər müddət ərzində yenilənməlidir.
3-cü Piyada Diviziyasının mətbuat katibi, polkovnik-leytenant Encel Tomko bildirib ki, mühəndis batalyonunda qulluq edən 130 hərbçidən 20-si bu məzuniyyət təşəbbüsü sayəsində müqavilələrini uzadıb.
Tomko əlavə edib ki, ideya batalyonun karyera məsləhətçisindən irəli gəlib və o, 2027-ci maliyyə ili üçün müqavilələrin uzadılması hədəflərinə çatmaq məqsədilə rəhbərliyə yenilənmiş yaradıcı təşviq proqramı təqdim edib.
Qeyd olunur ki, “GTA” seriyasının beşinci hissəsi 12 il əvvəl yayımlanıb və dünyada 185 milyondan çox satışı ilə “Minecraft”dan sonra ikinci ən çox satılan video oyun hesab edilir; “Minecraft”ın satışları 300 milyondan çoxdur.
Altıncı hissənin premyerası 19 noyabr 2026-cı il üçün nəzərdə tutulub və analitiklərin fikrincə, bu, indiyə qədər hazırlanmış ən bahalı oyun olacaq.