Fransa “Michelin” ulduzlu restoranların sayına görə dünya ölkələri arasında birinci yerdədir.
Ölkədə ümumilikdə 641 “Michelin” ulduzlu restoran fəaliyyət göstərir və onlardan 31-i üç ulduz kateqoriyasına daxildir. Fransa ikinci sıradakı İtaliyadan 265 restoran fərqi ilə öndədir.
Siyahıda digər ölkələrin göstəriciləri belədir: İtaliya – 376; Yaponiya – 351; Almaniya – 336; İspaniya – 283; ABŞ – 276; Birləşmiş Krallıq – 193; İsveçrə – 143; Çin – 138; Belçika – 129; Niderland – 119; Avstriya – 80; Honkonq – 75; Tayvan – 53; Portuqaliya – 46; Sinqapur – 40; Cənubi Koreya – 39; Danimarka – 38; Kanada – 38; Tayland – 36; Monako – 28; Braziliya – 25; İsveç – 23; Meksika – 23; Norveç – 22; İrlandiya – 21; Makao – 19; Birləşmiş Ərəb Əmirlikləri – 19; Türkiyə – 14; Xorvatiya – 13; Yunanıstan – 12; Lüksemburq – 11; Argentina – 10; Sloveniya – 9; Vyetnam – 9; Malayziya – 9; Macarıstan – 8; Polşa – 7; Finlandiya – 7; Malta – 7; San Marino – 6; Litva – 4; İslandiya – 3; Çexiya – 2; Serbiya – 2; Qətər – 2; Latviya – 2; Estoniya – 2; Andorra – 1; Lixtenşteyn – 1.
Üç ulduzlu restoranların sayına görə də Fransa liderdir. Bu kateqoriyada Yaponiya 20 restoranla ikinci, İspaniya və ABŞ isə hərəsi 16 restoranla ardıcıllıq təşkil edir.
“Michelin” ulduzları restoranları beş əsas meyar əsasında qiymətləndirilərək verilir: istifadə olunan məhsulların səviyyəsi, bişirmə texnikasının ustalığı, dadların uyğunluğu, aşpazın mətbəxdə fərdi üslubunun ifadəsi və ziyarətlər arasında keyfiyyətin sabitliyi.
Ulduzların mənası belə izah olunur: bir ulduz yüksək səviyyəli mətbəxi, iki ulduz isə yolunu dəyişməyə dəyər əla mətbəxi, üç ulduz isə xüsusi səfərə layiq müstəsna mətbəxi göstərir.
“Michelin” ulduzlarının tarixi avtomobil sənayesinin inkişafına bağlı başlayıb. 1889-cu ildə Andre və Edouard Michelin qardaşları Fransada “Michelin” şirkətini qurublar. Avtomobillərin sayı az və səfər infrastrukturu zəif olduğu üçün 1900-cü ildə onlar sürücülər üçün yol xəritələri, yanacaqdoldurma məntəqələri, servis, otel və restoranlar barədə məlumat verən “Michelin Guide” adlı səyahət bələdçisini nəşr etməyə başlayıblar.
Bələdçidə restoranların qiymətləndirilməsi daha sonra əsas istiqamətlərdən birinə çevrilib. Restoranlara ilk “Michelin” ulduzu 1926-cı ildə təqdim olunub, 1931-ci ildə isə bir, iki və üç ulduzdan ibarət sistem rəsmi şəkildə yaradılıb.