Fransa Konstitusiya Şurası 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanunu konstitusiyaya zidd hesab edib.

Hakimlər qərarda belə məhdudiyyətin ifadə və məlumat yaymaq azadlığına nisbətən “qeyri-mütənasib müdaxilə” yaratdığını bildirib.

Parlament bu qanunu 21 iyulda qəbul etmişdi. Qanuna görə, sentyabrın 1-dən 15 yaşdan aşağı şəxslərin yeni sosial şəbəkə hesabları açması qadağan olunmalı, 2027-ci ilin yanvarından isə məhdudiyyət mövcud hesablar üçün də tətbiq edilməli idi.

Konstitusiya Şurası qərarında qadağanın həddindən artıq sərt olduğunu vurğulayıb. Şura qeyd edib ki, bəzı xidmətlərin azyaşlılara təhlükəli olduğu sübut olunmayıb və həmin xidmətlər də məhdudiyyətin əhatəsinə düşə bilər.

Həmçinin sənəddə təhsil resursları üçün nəzərdə tutulmuş istisnaların kifayət qədər geniş olmadığı və yaşın müəyyənləşdirilməsi mexanizminin tam işlənib hazırlanmadığı bildirilib.

Qeyd etmək lazımdır ki, Avstraliya 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyəti ilk tətbiq edən ölkə olub; o qanun 2025-ci ilin dekabrında qüvvəyə minib və qaydaları pozan platformalar üçün 49,5 milyon Avstraliya dollarınadək cərimə nəzərdə tutulur.