Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayanlar bildirir ki, bir müddət əvvəl baş vermiş güclü yağış və sel nəticəsində yaranan torpaq sürüşməsinin fəsadları hələ də tam aradan qaldırılmayıb.

Sakinlər deyirlər ki, sürüşmə binanın ətrafındakı torpaq qatında ciddi dəyişikliklərə səbəb olub və bunun nəticəsində ərazidə uçqun riski qalmaqdadır. Həmçinin yaşayış binasında müəyyən çatlar əmələ gəldiyi bildirilir ki, bu da əhalinin narahatlığını daha da artırır.

Bir sakin qeyd edib: “Uçqun baş verəndən sonra hər gün qorxu içində yaşayırıq. Uşaqlarımızı evdən çölə buraxa bilmirik. Hazırda da hər gün torpaq sürüşüb tökülür. Qarşıdan qış gəlir. Bir damcı yağış yağsa, torpağın altında qalacağıq. Çünki torpaq hündürdədir, biz aşağıda.”

Məsələ ilə bağlı Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, problemin həlli üçün Fövqəladə Hallar Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edilib. Müraciətə yenidən baxılacağı və təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirlərin görüləcəyi vurğulanıb.