Gəncə şəhərinin Xətai prospektində yerləşən 84 və 87 saylı binaların sakinləri yeni tikintilərin onların həyatına ciddi çətinliklər yaratdığını bildirirlər.
Sakinlər yolların daraldığını, məhəllənin baxımsız vəziyyətə düşdüyünü və əvvəllər qarajların və uşaqların oynadığı geniş sahənin itirildiyini qeyd edirlər. Qarajların sökülməsindən sonra burada park və uşaq meydançası vəd olunsa da, yerinə yeni tikililərin inşa edildiyini deyirlər.
Məhəllə sakinləri sıx tikililər və dar yollar səbəbindən əvvəlki yanğın hadisəsini də xatırladıqlarını bildiriblər. Onlar onu da vurğulayıblar ki, yanğın zamanı fövqəladə xidmət texnikasının əraziyə daxil olması çətinləşib və nəticədə iki nəfərin həlak olduğu, eyni zamanda bəzi evlərin yanıb məhv olduğu bildirilir.
Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda sözügedən ərazidə hər hansı tikinti işi aparılmır. Daha əvvəl həyata keçirilmiş tikinti işlərinin qanunauyğunluğu aidiyyəti qurumlarla birlikdə araşdırılacaq.
İcra hakimiyyəti həmçinin sakinlərin məhəllənin abadlaşdırılması ilə bağlı müraciətlərinin nəzərdən keçirildiyini və şəhərdə mərhələli şəkildə abad məhəllələrin salınması istiqamətində işlərin görüldüyünü bildirib. Ərazidə aidiyyəti üzrə təmizlik işlərinin aparıldığı da qeyd olunub.