Gəncədə zibil poliqonunda körpə meyitinin tapılması cəmiyyətdə geniş narahatlıq yaradıb. Hadisə həm ölən körpənin ölüm səbəblərinin və məsuliyyətin müəyyənləşdirilməsi, həm də anaların bəzən övladlarından imtina etmələrinə gətirib çıxaran sosial şəraitlə bağlı müzakirələri aktivləşdirib.
Ekspertlər qeyd edirlər ki, uşağın tərk edilməsinə və ya onunla bağlı ağır qərarların verilməsinə gətirib çıxaran amillər müxtəlif ola bilər. Ailə içi münaqişələr, maddi sıxıntılar, arzuolunmaz hamiləlik, qadının tənha qalması, sosial dəstəyin çatışmazlığı və cəmiyyətin təzyiqləri bu kimi hallarda rol oynaya bilər. Lakin konkret hadisə ilə bağlı doğru nəticə yalnız aparılan araşdırmanın nəticələrinə əsasən söylənə bilər.
Sosioloq Mətanət Məmmədova bildirib ki, anaların körpələrindən imtina etməsi hallarını ayrıca-ayrılıqda təhlil etmək lazımdır. O vurğulayıb ki, Azərbaycanda belə halların nadir olduğunu, ailə və övlad anlayışlarının cəmiyyətdə xüsusi əhəmiyyət daşıdığını söyləmək lazımdır.
Mətanət Məmmədova bəzi hallarda arzuolunmaz hamiləlik, ailədaxili problemlər, sosial və iqtisadi çətinliklər, qadının tək qalması və uşağın doğulmasının onun şəxsi həyatına maneə yaradacağı düşüncəsinin belə qərarlara səbəb ola biləcəyini diqqətə çatdırıb. Kontekstin və hər bir konkret vəziyyətin fərqli olduğunu, buna görə də hər hadisənin ayrı-ayrılıqda araşdırılmasının vacib olduğunu vurğulayıb.
Ekspertin fikrincə, qarşısının alınması üçün yalnız ictimai qınaq yetərli deyil. Hamilə qadınların psixoloji və sosial dəstəklə təmin edilməsi, çətin vəziyyətdə olan ailələrə vaxtında yardım göstərilməsi və uşağa qulluq imkanlarının artırılması kimi tədbirlər önəmlidir. Həmçinin hamiləlik dövründə tibbi, psixoloji və sosial xidmətlərə çıxışın təmin olunması, uşağı böyrüdə bilməyəcəyini düşünən şəxslər üçün qanuni və sosial qoruyucu mexanizmlərin mövcud olması lazım olduğunu qeyd edib.
Sosioloq vurğulayıb ki, bioloji doğuş valideynlik məsuliyyətinin bütün məzmununu əhatə etmir; valideynlik həm də uşağın təhlükəsizliyinin, qayğısının və hüquqlarının təmin edilməsini tələb edir. Buna görə də uşağın doğulduqdan sonra tərk edilməsi kimi hallar sosial və hüquqi baxımdan kompleks yanaşma tələb edir.
Hadisənin hüquqi tərəfi və körpənin ölüm səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı rəsmi araşdırmalar davam edir. Mütəxəssislər bu cür halların təkrarlanmaması üçün həm uşağın hüquqlarının qorunmasının, həm də çətin vəziyyətdə qalan qadınlara vaxtında və səmərəli dəstək göstərilməsinin vacibliyini vurğulayırlar.