Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova bu adları daşımağın həm qürur, həm də sənətə qarşı ciddi məsuliyyət olduğunu bildirib.
O qeyd edib ki, bu titullar ona iki qardaş ölkənin mədəniyyətlərini sənət vasitəsilə daha da yaxınlaşdırmaq üçün yeni layihələr həyata keçirməyə stimul verir. Məmmədova Azərbaycan musiqisinin Özbəkistanda hər zaman böyük maraq və sevgi ilə qarşılandığını vurğulayıb.
Xalq artisti həmçinin Azərbaycanda özbək xalqına qarşı hörmətin və sevginin yüksək olduğunu söyləyib və bu münasibətdən qürur duyduğunu çatdırıb. O, Özbəkistanın görkəmli sənətçiləri ilə, o cümlədən Fərrux Zakirov və muğam ustadı Munojatla dostluq əlaqələrinin mövcudluğunu da qeyd edib.
Məmmədova əlavə edib ki, Azərbaycan musiqisinin Özbəkistan televiziyaları vasitəsilə təqdimatı sənətə və ifaçılara göstərilən böyük marağın əlamətidir. Onun əsas məqsədlərindən biri klassik milli irsi gənc nəsilə daha müasir və cəlbedici formada çatdırmaqdır.