Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internet resurslarından istifadə etməklə xaricdən idarə olunan onlayn qumar fəaliyyətinə qarşı əməliyyatlar keçirib.

Tədbirlər nəticəsində Gürcüstan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində “chc.play” platforması vasitəsilə “Martin” kazino və digər markalar altında qanunsuz qumar təşkil edən qruplaşmanın rəhbəri Əliyev Anar İslam oğlu (“Anar007”) tutularaq Azərbaycana gətirilib.

Araşdırmalar göstərib ki, A. Əliyev mütəşəkkil dəstə formalaşdıraraq xaricdə keçirilən qanunsuz mərc və kazino fəaliyyətinə Azərbaycan vətəndaşlarını cəlb edib. O, bu şəxsləri Tbilisi və digər şəhərlərdə icarəyə götürdüyü mənzillərə yerləşdirərək onlayn qumar əməliyyatlarını idarə edib.

Əməliyyat zamanı dəstənin digər üzvləri — Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Əliyev Anar Surac oğlu da saxlanılaraq istintaqa cəlb olunublar. Bildirilib ki, onlar liderin göstərişinə əsasən yerli mobil nömrələr, bank kartları və müxtəlif texniki vasitələrlə qumar fəaliyyətinə dəstək veriblər.

Həmçinin saxlanılan şəxslərin onlayn kazino gəlirlərini nağdlaşdıraraq kriptovalyuta hesablarına köçürdükləri, əldə olunan vəsaitlərin bir hissəsinin daşınan və daşınmaz əmlak almaqla leqallaşdırıldığı istintaqla müəyyən edilib. Əməliyyat zamanı çoxsaylı elektron daşıyıcılar, bank kartları və digər əşyalar maddi sübut kimi götürülüb.

Şübhəlilər haqqında Baş İdarədə ittiham elan edilib və cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmə A. Əliyev və Şərqin Əliyev barəsində həbs qətimkan tədbiri seçib. Qanunsuz qumarla bağlı digər şəxslərin iştirakı ilə bağlı tədbirlər davam etdirilir.

Vətəndaşlara qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməmək tövsiyə olunur; həmçinin belə oyunların təşkili və onlarda iştirak hüquqi məsuliyyət yaradır.