Harvard Universiteti yaxınlarının bağışlanmış cəsədlərinin qanunsuz şəkildə satışına vaxtında müdaxilə etmədiyini iddia edən ailələrlə 53 milyon dollar məbləğində razılaşma əldə edib.
Razılaşma Harvard Tibb Məktəbinin keçmiş morq müdiri Sedrik Lodjun fəaliyyəti ilə bağlı irəli sürülmüş ittihamları bağlamağı nəzərdə tutur. Məhkəməyə təqdim olunan sənədlərdə Lodjun 2018–2021-ci illərdə tibbi tədqiqatlar üçün bağışlanmış cəsədlərin hissələrini götürərək onları onlayn satdığı göstərilir.
58 yaşlı Sedrik Lodj ötən ilin dekabrında məhkəmədə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həyat yoldaşı isə 1 il 1 gün həbs cəzasına məhkum olunub.
İttiham aktında bildirilir ki, universitetdə təhsil alan tələbələr tibbi prosedurların öyrənilməsi və tətbiqi üçün bağışlanmış cəsədlərdən istifadə ediblər. İddialara görə, tələbələrin istifadəsi bitdikdən sonra cəsədlərin çox vaxt kremasiya edilməsi və ya ailələrə qaytarılması, eləcə də tibb qəbiristanlığında dəfn edilməsi nəzərdə tutulub.
Sənədlərdə Lodj və həyat yoldaşının cəsəd hissələrini Pensilvaniya və Massaçusets ştatlarındakı alıcılara satdıqları göstərilir. Ailələr 2023-cü ildə universiteti Lodjun qanunsuz fəaliyyətini vaxtında aşkar etməməkdə ittiham edərək məhkəməyə müraciət ediblər.
Məhkəmə razılaşmanı təsdiqlədiyi təqdirdə, zərər çəkən ailələr üçün ödəniş fondları yaradılacaq və onlara ayrılacaq vəsaitlər bu fondlar vasitəsilə paylanacaq.