Misirdə keçirilən görüşlərdə HƏMAS-ın nümayəndə heyəti Vaşinqtonla aparılan silahsızlanma müzakirələri üçün konkret tələbini açıqlayıb.
HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyanın başçılıq etdiyi heyət Misirdə bir sıra görüşlər keçirib. Heyət Misir Kəşfiyyat İdarəsinin rəhbəri general-mayor Həsən Rəşadla danışıq aparıb və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə də görüşüb.
Adı açıqlanmayan misirli diplomatın bildirdiyinə görə, HƏMAS nümayəndələri Kuşnerə əsas məqamı çatdırıblar: onlar yalnız İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzzada Sülh Şurasının silahsızlanma planında nəzərdə tutulan şərtlərə əməl edəcəyini açıq şəkildə bəyan edəcəyi təqdirdə planın icrasına başlamağa hazırdırlar.
Diplomatın söylədiklərinə əsasən, bu açıqlama HƏMAS-ın planın reallaşdırılması üçün birinci növbədə İsraildən rəsmən öhdəlik tələb etdiyini göstərir. Görüşlərin detalları və qarşı tərəfin reaksiyası barədə əlavə məlumat verilməyib.