Hərbi biletin qəsdən korlanılması və ya itirilməsi inzibati məsuliyyətə səbəb olur. Bu hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən qiymətləndirilir.

Hərbi vəzifəlilər və çağırışçılar bu maddə ilə əlaqədar ya xəbərdarlıq edilə, ya da 200 manat məbləğində cərimələnə bilərlər.

İtirilmiş və ya zədələnmiş hərbi biletin əvəzinə yenisinə görə müraciət edən şəxslərdən aşağıdakı sənədlər tələb olunur: ərizə, təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti, qeydiyyat kartasının surəti, inzibati xəta protokolu və ya xəbərdarlıq haqqında qərar, həmçinin cərimənin ödənilməsini təsdiqləyən qəbz və 3×4 ölçülü iki fotoşəkil.

Əlavə olaraq, əgər itirilmiş hərbi biletin əvəzinə yeni sənəd verilməsi zamanı tələb olunursa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarından hərbi biletin tapılmadığına dair arayış təqdim edilməlidir.

Təbii fəlakət, yanğın və ya oxşar hallarda hərbi biletin itməsi və ya korlanması zamanı isə hadisəni təsdiq edən müvafiq qurumun rəsmi arayışı əsasında yeni hərbi bilet verilir.