Mədəniyyət Nazirliyində kadr dəyişikliyi həyata keçirilib: nazir Adil Kərimlinin əmri ilə Hikmət Mustafayev Aparat rəhbəri təyin olunub.

Hikmət Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə bitirib, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisasını tamamlayıb.

1994–1995-ci illərdə həqiqi hərbi xidmət keçən Mustafayev 1997-ci ildən dövlət qulluğunda işləyir. O, Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Mustafayev COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi beynəlxalq tədbirin təşkilati və inzibati işlərində iştirak edib. Təyinatdan əvvəl Heydər Əliyev Mərkəzində direktor müşaviri işləyib və strateji planlaşdırma, institusional koordinasiya ilə təşkilati idarəetmə sahələrində təcrübəsi ilə seçilib.

Uzunmüddətli və səmərəli dövlət qulluğu fəaliyyəti səbəbindən o, Prezidentin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Hal-hazırda dövlət qulluğunun baş müşaviridir.