Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə gətirilib.

Hikmət Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə bitirib, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə təhsilini başa vurub.

1994–1995-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1997-ci ildən dövlət qulluğunda çalışan H.Mustafayev Dövlət Əmlak Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər postlarda çalışıb.

O, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi həmin beynəlxalq tədbirin təşkilati və inzibati işlərində iştirak edib.

Bu təyinatdan öncə Heydər Əliyev Mərkəzində direktorun müşaviri vəzifəsini icra edən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində təcrübəli mütəxəssis kimi fəaliyyət göstərib.

Dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə ona Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı təqdim edilib.