Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi saxta sosial şəbəkə profilləri və "WhatsApp" hesablarından istifadə edilərək dövlət qulluqçuları və hüquq-mühafizə orqanları əməkdaşlarının adından törədilən çoxsaylı kiberdələduzluqlara qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlaqədə olmaqda şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər xarici qrupların üzvləri ilə əməkdaşlıq edərək onlara yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyət üçün istifadə olunan bank kartları və digər məlumatları veriblər. Bu mobil nömrə və kartlar onlayn dələduzluqlarda istifadə edilib.
Əməliyyat-istintaq tədbirləri zamanı saxlanılan şəxslərin qanunsuz əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin cinayətkar əməllərə yönləndirildiyi aşkarlanıb. Həmin resursların bir hissəsi qanunsuz onlayn qumar və kazino oyunlarının təşkilində istifadə olunub.
Hazırda saxlanılan şəxslərin barəsində əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam edir. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qrupların digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması məqsədilə tədbirlər davam etdirilir.
Vətəndaşlara bildiririk ki, bank rekvizitləri və mobil nömrələrin üçüncü şəxslərə cinayət məqsədləri üçün verilməsi yolverilməzdir. Əgər kartınızdan və ya mobil nömrənizdən qeyri-qanuni istifadə edildiyini, hesabınıza mənbəyi şübhəli vəsait köçürüldüyünü, mobil nömrənizə şübhəli SMS-lərin gəldiyini və ya ödəniş müqabilində kart məlumatlarınızı təqdim etməyi təklif edən təkliflərlə qarşılaşmısınızsa, ayıq olmaq və dərhal polis orqanlarına məlumat vermək tövsiyə olunur.