Azərbaycan və Özbəkistan prezidentləri "Yeni Daşkənd"də Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları rəmzi açılışı qeyd etmək üçün lenti kəsiblər. Sonra universitetin həyətində ağac əkilməsi mərasimində iştirak ediblər.
Mərasim zamanı qonaqlara təhsil müəssisəsinin tarixi və yaradılmış infrastruktur barədə məlumat verilib. Qeyd olunub ki, 1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə müəssisənin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutuna çevrilib, 1998-ci ildən isə o, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyət göstərib.
Universitetdən bildirilib ki, məzunlar arasında Özbəkistanın ədəbiyyat, mədəniyyət, elm və ictimai həyatına töhfə vermiş bir sıra görkəmli şəxslər var.
Təhsil müəssisəsinin strukturuna 6 ali pedaqoji məktəb, 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi daxildir. Ümumilikdə 33 kafedra fəaliyyət göstərir. Universitet bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadr hazırlayır. Burada 730 müəllim və elmi-pedaqoji işçi çalışır, tələbə sayı 17 min nəfəri keçir. Tələbələr arasında 6 Azərbaycan vətəndaşı, həmçinin dünyanın 13 ölkəsindən 250 nəfər təhsil alır.
Beynəlxalq təhsil proqramlarına xüsusi diqqət ayrılıb: təhsil ocağı dünyanın 20 ölkəsindən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitetlə əməkdaşlıq edir, UNESCO və UNICEF ilə əlaqələri mövcuddur. Hazırda 12 birgə təhsil proqramı fəaliyyət göstərir. Universitetdə Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin adlarını daşıyan 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet bir sıra Azərbaycan ali məktəbləri ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar, beynəlxalq konfranslar, təcrübə mübadiləsi və mədəni-maarif əlaqələri həyata keçirilir. Məlumatda qeyd olunur ki, əməkdaşlıq nəticəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb.
Yeni kampus layihəsi "Yeni Daşkənd"də 40 hektar ərazidə davam edir. Layihə çərçivəsində ümumilikdə 20 min nəfərlik tədris korpusları və 5 min nəfərlik tələbə yataqxanalarının inşası nəzərdə tutulub. Yeni kompleksdə Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeyləri də fəaliyyət göstərəcək.
Prezidentlər universitetin müəllim və tələbə heyəti ilə görüşərək onların nümayəndələri ilə söhbət ediblər.