Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişafına xidmət edəcəyi bildirilib.
Bu fikri "O'zbekiston 24" telekanalının jurnalisti və xarici siyasət üzrə eksperti Dilnavoz Madrahimova ifadə edib.
Madrahimova vurğulayıb ki, "Son illərdə dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi sayəsində Özbəkistanla Azərbaycan arasında çox yaxşı münasibətlər formalaşıb, əməkdaşlıq sürətlə inkişaf edir. Xüsusilə son illərdə dövlət başçılarımızın rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu əlaqələr daha da möhkəmlənir".
O qeyd edib ki, 2022-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri qurulub, 2024-cü ildən isə tərəflər müttəfiq statusuna malikdirlər.
Ekspert hesab edir: "Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana hazırkı səfəri əməkdaşlığın daha da genişləndirilməsinə, bütün istiqamətlər üzrə inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə imkan verəcək. Hazırkı yüksək səviyyəli siyasi görüş münasibətlərimizin bütün istiqamətlər üzrə gələcəkdə genişləndirilməsi üçün əsas və platforma olacaq".
Madrahimova əlavə edib ki, əlaqələr yalnız dövlət səviyyəsi ilə məhdudlaşmır, iqtisadiyyat, təhsil və turizm sahələrində də fəal əməkdaşlıq mövcuddur: "Azərbaycan qədimdən Özbəkistan üçün qardaş ölkədir, xalqlarımız arasında yaxşı münasibətlər formalaşıb. Üstəlik, söhbət yalnız dövlət başçıları səviyyəsindəki münasibətlərdən getmir. Xalqlarımız arasında da iqtisadiyyat, təhsil və turizm sahələrində yaxşı əlaqələr mövcuddur".
O, həmçinin şəxsi niyyətlərindən danışaraq bildirib ki, ölkəmiz haqqında müsbət rəylər eşidib və həm turist, həm də jurnalist kimi Azərbaycana səfər etməyi planlaşdırır: "Təəssüf ki, hələlik ölkənizdə olmaq mənə nəsib olmayıb. Azərbaycan haqqında çox yaxşı fikirlər eşitmişəm və əlbəttə ki, oraya səfər etmək, ölkənin ab-havasını hiss etmək istərdim. Ümid edirəm ki, Azərbaycana həm turist kimi, həm də peşəkar fəaliyyətim çərçivəsində – jurnalist kimi dövlət tədbirlərini işıqlandırmaq üçün səfər edə biləcəyəm".