Bu ilin əvvəlindən Azərbaycanın əhalisi 11 099 nəfər artaraq iyulun 1-i vəziyyətinə 10 273 450 nəfərə yüksəlib. Ümumi artım tempinə görə əhali 0.1 faiz artıb.

Əhalinin 54.3 faizi şəhər, 45.7 faizi isə kənd yerlərində yaşayır. Cins bölgüsünə görə ölkə əhalisinin 49.8 faizi kişilər, 50.2 faizi qadınlardan ibarətdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Prezidentin təsdiqlədiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bu il avqustun 1-dək 38 179 keçmiş məcburi köçkün bərpa olunan yaşayış məntəqələrinə geri dönüb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə yaşayan, orada fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 91 746 nəfərə bərabərdir.

Regionlara görə əhalinin payı belədir: Naxçıvan Muxtar Respublikasında 4.6 faiz, Bakı şəhərində 22.9 faiz, Lənkəran–Astara iqtisadi rayonunda 9.3 faiz, Abşeron–Xızıda 8.6 faiz, Qarabağda 7.3 faiz, Mərkəzi Aranda 7.1 faiz, Qazax–Tovuzda 6.6 faiz, Şəki–Zaqatalada 6.1 faiz, Gəncə–Daşkəsəndə 5.8 faiz, Quba–Xaçmazda 5.4 faiz, Mil–Muğanda 5.2 faiz, Şirvan–Salyanda 4.9 faiz, Dağlıq Şirvanda 3.2 faiz və Şərqi Zəngəzurda 3.0 faiz əhalinin payına düşür.