7 avqust 2026-cı ildə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkədə üçtərəfli müdafiə sazişi imzalayıb. Sazişin əsas müddəasına görə, bu üç ölkənin hər hansı birinə qarşı silahlı hücum digər iki tərəfə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək.

Saziş yalnız qarşılıqlı müdafiə öhdəliyi ilə məhdudlaşmır. Ankara tərəfindən açıqlananlara görə, tərəflər siyasi və hərbi koordinasiyanı gücləndirmək, birgə hərbi təlimlər keçirmək, müdafiə sənayesi və texnologiya sahəsində əməkdaşlıq genişləndirmək niyyətindədirlər. Sənəddə konkret bir dövləti hədəf almaq məqsədinin olmadığı vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 17-də müsahibəsində sazişi NATO-nun 5-ci maddəsi ilə müqayisə edib və gələcəkdə digər dövlətlərin də mexanizmə qoşula biləcəyini söyləyib. Bu, sazişin gələcəkdə daha geniş bir platformaya çevrilə biləcəyi barədə müzakirələri aktuallaşdırır.

Pakistanın ABŞ və Çindəki sabiq səfiri Məsud Xan sazişin imzalanmasını tarixi hadisə adlandırıb. O bildirib ki, müsəlman ölkələri onilliklərdir müdafiə mexanizmi yaratmağa çalışırdılar və 2025-ci ildə Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanmış Strateji Qarşılıqlı Müdafiə Sazişi bu prosesdə mühüm pillə olub.

Keçmiş diplomat qeyd edib ki, Məkkə müqaviləsi NATO ilə həm oxşar, həm də fərqli cəhətlərə malikdir: NATO daha geniş üzv tərkibinə, böyük resurslara və nüvə arsenallarına malik təşkilatdır, Məkkə müqaviləsinin üç üzvü isə hələ başlanğıc mərhələsindədir. Eyni zamanda, üç tərəfin mövcud müdafiə sənayesi və iqtisadi imkanlarının müəyyən tamamlayıcı funksiyası olduğu vurğulanıb.

Məsud Xan sazişin heç bir konkret ölkəyə qarşı yönəlmədiyini bildirərək ABŞ-ın onun yaradılmasını alqışladığını və regionda baş verə biləcək təkcə hərbi deyil, həm də siyasi və diplomatik koordinasiyanın nəzərdə tutulduğunu qeyd edib. O əlavə edib ki, əgər Misir pakta qoşularsa, yeni təhlükəsizlik arxitekturası Şimali Afrikaya qədər genişlənə bilər.

Türkiyəli beynəlxalq münasibətlər eksperti İsmayıl Cingöz isə ABŞ prezidentinin sazişi müsbət qiymətləndirməsini Vaşinqtonun region siyasətində fərqli tərəfdaşlıq modellərinə açıq olduğunu göstərməsi kimi şərh edib. O vurğulayıb ki, Türkiyənin hərbi təcrübəsi, Pakistanın çəkindirici gücü və Səudiyyə Ərəbistanının iqtisadi resursları bir araya gəlməklə region üçün diqqətəlayiq güc kombinasiyası formalaşdıra bilər.

Hazırda Məkkə müqaviləsi üç dövlətin təhlükəsizlik siyasətlərini yaxınlaşdıran yeni çərçivə kimi qiymətləndirilir. Onun formal hərbi ittifaqa və ya geniş regional təhlükəsizlik mexanizminə çevrilib-çevrilməyəcəyi hələ də müzakirə olunur. Ankara NATO üzvü olaraq güclü hərbi və texnoloji imkanlara malikdir; Pakistan nüvə silahına malikdir; Səudiyyə Ərəbistanı isə maliyyə resursları və Körfəz regionundakı strateji mövqeyi ilə fərqlənir. Bu imkanların birləşməsi sazişi yalnız siyasi bəyanat səviyyəsindən çıxarıb müəyyən maddi baza üzərində qurulan təşəbbüsə çevirə bilər.

Tərəflər rəsmi olaraq silahlanma yarışının başlamaq istənilmədiyini, əsas məramın çəkindirməni gücləndirmək və münaqişələrin həllində diplomatik vasitələrə üstünlük vermək olduğunu bildiriblər. Eyni zamanda, regionda yeni güc balansının yaranması ehtimalı diplomatiyanın rolunu daha vacib edir.

Nəticə etibarilə, Məkkə müqaviləsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın təhlükəsizlik sahəsində daha sıx bağlılıq yaratmaq qərarının siyasi ifadəsidir və Yaxın Şərqdə təhlükəsizliyin xarici güclərə daha az asılı olacağı ideyasını gücləndirir.