Türkiyə seqmentində sosial şəbəkələrdə Prezident Rəcəb Tayyib Ərdoğanın xahişi ilə Pakistanın keçmiş baş naziri İmran Xanın həbsdən azad edilməsi barədə məlumatlar yayılıb.
Mövzu ilə bağlı aparılan araşdırmada həmin iddiaların həqiqəti əks etdirmədiyi müəyyən edilib.
Eyni zamanda yayılan başqa məlumatlarda Pakistan Ali Məhkəməsinin korrupsiya ittihamı ilə həbsdə olan İmran Xanın səhhətindəki problemlərə görə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul etdiyi bildirilir.
Məhkəmə qərarında siyasətçinin növbəti iclasa qədər tibbi müayinə və müalicə üçün “Şifa” xəstəxanasına göndəriləcəyi göstərilib. Qərarda həmçinin hakimiyyət orqanlarına keçmiş nazirin tam tibbi qeydlərinin təqdim edilməsi tapşırılıb və müxalifətdəki “Ədalət Uğrunda Hərəkat” partiyası liderinin səhhəti məsələsini siyasiləşdirməməyə çağırış edilib.
Məhkəmə sabiq nazirin ailə üzvləri ilə həftəlik görüşlərinin təmin edilməsinə dair qərar da çıxarıb.
Qeyd olunur ki, bu ilin fevral ayında İmran Xanın vəkilləri onun sağlamlıq problemləri ilə əlaqədar həbsdən azad edilməsi üçün müraciət etmişdilər. Ərizədə siyasətçinin sağ gözündə qan laxtalanmasının görmə qabiliyyətinə mənfi təsir göstərdiyi və 2025-ci ilin dekabrında çıxarılan hökmün icrasının təxirə salınmasının tələb olunduğu vurğulanıb.
İmran Xan 2018–2022-ci illərdə Pakistanın baş naziri olub və parlamentdə etimadsızlıq səsverməsindən sonra 10 aprel 2022-ci ildə vəzifəsindən kənarlaşdırılıb. O, 2023-cü ildən etibarən korrupsiya ittihamları üzrə 14 illik həbs cəzası çəkir, həyat yoldaşı Büşra Bibi isə eyni ittihamlarla yeddi illik məhkumluq alıb.