Dünya bu günlərdə regionlarda başlayan qarşıdurmaların genişlənməsi təhlükəsi ilə üz-üzədir. Bəzi ekspertlər hibrid və asimmetrik əməliyyatları qlobal münaqişənin yeni mərhələsi hesab edir, digərləri isə hazırkı hadisələri daha geniş müharibənin əlamətləri kimi şərh edirlər.
Məlumatlara görə, Tehran ABŞ Prezidenti Donald Tramp müharibəni daha da genişləndirərsə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbə endirmə variantını nəzərdən keçirir. Xüsusilə Cənub-Şərqi Avropada, o cümlədən Bolqarıstan və Kiprdə yerləşən birləşmələr hədəf ola bilər.
Bu konteksdə NATO rəsmisi bildirib ki, alyans istənilən təhdidə qarşı mübarizəyə hazırdır və müttəfiqlərin müdafiəsi üçün zəruri addımlar atacaq. İranın belə bir addımı Avropaya yönəlmiş təcavüz kimi qiymətləndirilərsə, NATO müqaviləsinin 5-ci maddəsinin aktivləşdirilməsi müzakirəyə çıxa bilər; bu prinsipə görə bir üzvə qarşı silahlı hücum bütün alyasa edilmiş hücum kimi qiymətləndirilir.
Bu ilin əvvəllərində münaqişə qızğın fazaya daxil olanda İran Türkiyəyə dörd ballistik raket hücumu həyata keçirmişdi. NATO hava və raketdən müdafiə sistemləri həmin raketləri dörd ayrı halda ələ keçirərək zərərsizləşdirmişdi ki, bu da faktiki olaraq alyansın dolayısı ilə münaqişənin iştirakçısına çevrildiyini göstərdi. Bu hadisə həm hərbi, həm də siyasi baxımdan müxtəlif qiymətləndirmələrə səbəb oldu.
Rəsmi Ankara həmin epizod üzrə tədricən gərginləşən bir yanaşma ortaya qoydu: raketlərin İrandan buraxılması, onların İraq və Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət etməsi, NATO müdafiə sistemlərinin müdaxilə etməsi və Türkiyənin öz ərazi bütövlüyünü və hava məkanını qorumaq hüququnu saxlaması kimi mərhələlər vurğulandı. Ankaranın reaksiyaları daha çox bütün tərəfləri münaqişəni daha da dərinləşdirəcək addımlardan çəkindirmək məqsədi daşıyırdı.
Həmin raket hücumları ilə bağlı İran bəyan etmişdi ki, Türkiyəni hədəfə almır, onun suverenliyinə hörmət edir və insidentləri araşdıracaq. Eyni tipli açıqlama ilin əvvəlində Naxçıvana qarşı dron hücumu ilə bağlı da verilmişdi; o zaman Azərbaycan hücumun məsuliyyətini İrana aid etmiş, Tehran isə məsələni araşdıracağını bildirmişdi. Bu epizodlar göstərir ki, İran-ABŞ qarşıdurması qonşu ölkələr üçün də risklər yaradır.
Türkiyənin Yaxın Şərq ilə Avropa (həmçinin NATO) arasında coğrafi və siyasi körpü rolunu nəzərə alsaq, onun davranışı region təhlükəsizliyi üçün əsas məqamlardan biridir. Ankara münaqişənin öz ərazisinə daxil olmasına imkan verməmək, eyni zamanda İrandan açıq qarşıdurmaya girməmək siyasətini saxlayıb. Həmçinin Türkiyə son illərdə hərbi imkanlarını, müdafiə sənayesini və regional diplomatik çəkisini artırır ki, bu da onun qərarlarının daha geniş təsiri olduğunu göstərir.
Bu il avqustun 7-də Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi də önəmli hadisədir. Sazişə əsasən, üç ölkədən birinə qarşı silahlı hücum hamısına qarşı təhdid kimi qiymətləndiriləcək və kollektiv çəkindirmə ilə müdafiə əməkdaşlığı gücləndiriləcək. Bu addım region ölkələrinin yalnız ABŞ-ın təhlükəsizlik təminatından asılı qalmadan öz kollektiv müdafiə mexanizmlərini formalaşdırmağa başladığını göstərir.
Məlumdur ki, bir çox ekspertlər üçün ən qorxulu ssenari Türkiyənin seçim qarşısında qalmasıdır: İranla açıq hərbi qarşıdurma istənilən variant deyil, amma NATO öhdəliklərindən geri çəkilmək də mümkün deyil. Buna görə də, İran-ABŞ qarşıdurmasının Avropaya keçməsi halında Türkiyənin atacağı addımlar yalnız Ankaranın deyil, həm də NATO-nun cənub-şərq cinahının və Yaxın Şərqin təhlükəsizlik arxitekturasının gələcəyi baxımından böyük əhəmiyyət daşıyacaq.
Hazırkı vəziyyət göstərir ki, hadisələrin bu səviyyəyə çatmaması ümumi maraqlara uyğundur. Lakin münaqişənin genişlənməsi ehtimalı və onun qonşu ölkələrə təsiri səbəbindən Türkiyə və digər regional aktorlar üçün çətin və strateji qərarlar gündəmdə qalmaqdadır.