İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif farsdilli xalqlar arasında mədəni və sivilizasiya əməkdaşlığını gücləndirmək məqsədilə “Farsdilli ölkələr və regionlar birliyi”nin yaradılmasını təklif edib.
Bu təşəbbüsə paralel olaraq Moskvanın postsovet məkanında “rusdilli xalqları və rus dilində danışanları müdafiə etmək” bəhanəsilə həyata keçirdiyi xarici siyasət alətləri xatırlanır. Rusiya bu yanaşmanı bəzi hallarda qonşu ölkələrdə rusdilli əhalinin təhlükədə olduğunu iddia etməklə tətbiq edib.
Politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Tehran farsdilli toplumlarla mədəni əlaqələri genişləndirməyə çalışır və bu siyasətin hədəflərindən birinin Azərbaycan ola biləcəyi ehtimalı mövcuddur.
Əsədullazadə hesab edir ki, belə təşəbbüslər regionda sülhün möhkəmlənməsindən çox qonşu dövlətlərin daxili proseslərinə təsir göstərmək məqsədini daşıya bilər: “Bu siyasətin nəticəsində etnik və dil faktorlarının siyasiləşdirilməsi və cəmiyyətlər arasında qarşıdurma meyllərinin güclənməsi narahatlıq doğurur.”
O, həmçinin İranın bəzi hərbi-siyasi dairələrinin, o cümlədən SEPAH-ın regional siyasətdə ideoloji və geosiyasi amillərdən fəal istifadə etdiyini vurğulayıb və fars millətçiliyi üzərindən təsirin genişləndirilməsi cəhdlərinin diqqətlə izlənilməsinin vacib olduğunu deyib.
Politoloqun fikrincə, qonşu ölkələrin etnik və dil faktorlarının xarici siyasət alətinə çevrilməsi nə regional sülhə, nə də xalqlararası dostluğa xidmət edir; əksinə, belə yanaşmalar qarşılıqlı etimadı zəiflədə və yeni gərginliklər üçün zəmin yarada bilər.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanın əsas narahatlığı fars mədəniyyəti və dilinin təbliğindən çox etnik və mədəni faktorların siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almaq olmalıdır.