İran və Oman Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı marşrut xəritəsini razılaşdırıblar, lakin bəzi məsələlər üzrə danışıqların hələ davam etdiyi bildirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu razılaşma barədə məlumat verib. O qeyd edib ki, Tehran və Maskat boğazdan gəmilərin keçidi üçün marşrut xəritəsini yekunlaşdırıblar, amma bəzi detallarla bağlı müzakirələr davam edir.

Həmçinin iki ölkə Hörmüz boğazından gəmiçiliyin bərpasına zəmin yaradacaq saziş bağlanması istiqamətində danışıqlar aparır.

Mənbələrə görə, tərəflər 60 gün müddətli müvəqqəti razılaşma üzərində danışıqlar aparırlar. Ehtimal olunan şərtlərə əsasən, Fars körfəzi istiqamətində boğazdan keçən bütün gəmilər İran ərazi sularından keçən şimal marşrutundan istifadə edəcək.

Ərəbistan dənizi tərəfinə doğru hərəkət edən gəmilər üçün isə Oman ərazi sularından keçən cənub marşrutunun tətbiqi nəzərdə tutulur və bu marşrut İranla koordinasiya şəraitində həyata keçiriləcək.