İran Prezidenti Məsud Pezeşkian son çıxışlarında ABŞ-la potensial danışıqlar zamanı ölkənin maraqlarının qorunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, İranın ali rəhbəri Əli Xameneinin ABŞ-a münasibətdə daha sərt mövqedə qaldığı bildirilir.

Politoloq Oqtay Qasımov məsələ ilə bağlı bildirib ki, İranda teokratik rejim daxilində iki əsas siyasi qanad mövcuddur — mühafizəkar və islahatçı yönümlü çevrələr.

O, son bir ildə, xüsusilə 28 fevraldan sonra ABŞ-İran-İsrail müharibəsi fonunda xarici siyasət və ölkənin gələcəyi ilə bağlı bu iki qütb arasında fikir ayrılıqlarının şiddətləndiyini qeyd edib. Qasımovun sözlərinə görə, Prezident, parlament sədri və keçmiş prezident Məhəmməd Xatəmi kimi şəxslər Amerika ilə danışıqların aparılmasını dəstəkləyirlər.

Buna qarşılıq, radikal və daha mühafizəkar qanad savaşın davam etdirilməsini və sərt siyasətin davamını müdafiə edir. Politoloq bunu İran hakimiyyəti daxilində real fikir ayrılıqlarının əlaməti kimi qiymətləndirib.

Qasımov əlavə edib ki, belə fikir ayrılıqları əvvəllər də mövcud olub, lakin indiki müharibə şəraitində onlar daha da dərinləşə və parçalanmaya səbəb ola bilər. Hazırda rejimin əsas rıçaqlarını əlində saxlayan SEPAH və ona yaxın çevrələrin təşəbbüsü əlində cəmləşdirərək yumşaq xətt tərəfdarlarını sıxışdırmağa çalışa biləcəyi ehtimalı daha real görünür.

Bununla belə, politoloq vurğulayıb ki, bu vəziyyət İranda problemlərin həlli anlamına gəlmir. Ötən ilin sonlarından etibarən ölkədə sosial-iqtisadi durum və inflyasiya əleyhinə keçirilən etiraz aksiyalarının zorla dağıdıldığı və minlərlə insanın öldürüldüyü faktını xatırladan Qasımov bu amillərin həm parçalanmanın dərinləşməsinə, həm də gələcəkdə daha ağır vəziyyətlərin yaranmasına gətirib çıxara biləcəyini bildirir.