İnsan Resursları üzrə ekspert İlkin Məcidov gənclərin işə daxil olarkən əsas diqqəti yalnız yüksək əməkhaqqına yönəltməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ilk işdə qazanılan bacarıqlar və real iş təcrübəsi sonrakı karyera üçün həlledici rol oynayır.
Ekspert əmək bazarında gənclərin üzləşdiyi əsas çatışmazlıqlardan birinin gözləntilərlə reallıq arasındakı uyğunsuzluq olduğunu bildirib. Universiteti bitirənlərin bir qisminin dərhal yüksək əməkhaqqı, rahat qrafik və sürətli karyera yüksəlişi gözlədiyini qeyd edib, halbuki işəgötürənlər daha çox təcrübə, praktik bacarıqlar, xarici dil biliyi, rəqəmsal savadlıq, məsuliyyət və nəticələr axtarırlar.
Məcidov qeyd edib ki, diplom əmək bazarında yalnız başlanğıc məqamıdır, şəxsə real dəyər qazandıran onun bacarıqlarını iş mühitində tətbiq edə bilməsidir. O, karyera perspektivi baxımından informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, data analitikası, maliyyə və bank sektoru, mühəndislik, logistika və təchizat zənciri, həmçinin layihələrin idarə olunması sahələrinin daha perspektivli olduğunu vurğulayıb.
Eyni zamanda ekspert diqqətə çatdırıb ki, yüksək gəlirli sahəyə daxil olmaq asan deyil və bu sahələr ciddi texniki bilik və praktiki təcrübə tələb edir. Buna görə gənclər yalnız ən yüksək əməkhaqqı vəd edən peşəni yox, əmək bazarında tələbat olan və şəxsi bacarıqlarına uyğun sahəni seçməlidirlər.
İ.Məcidov bildirib ki, məzunların yalnız diplomda göstərilən ixtisasa uyğun vakansiyalara müraciət etməsi işə qəbul prosesini uzada bilər. O, iqtisadiyyat ixtisası üzrə məzunun yalnız iqtisadçı vəzifəsinə yox, maliyyə, mühasibatlıq, bank, satınalma, satış analitikası və digər əlaqəli rollara da müraciət etməsinin məntiqli olduğunu vurğulayıb.
Ekspert həmçinin ilk iş dövründə gəncin iş intizamı, vaxtında işə gəlməsi, tapşırıqları yerinə yetirməsi, komanda ilə işləməsi, məsuliyyət daşıması, öyrənmə istəyi və nəticə göstərməyə hazır olması gərəkdiyini bildirib. O, yalnız maaşa fokuslanmağın doğru olmadığını qeyd edərək, gəncin iş seçərkən öyrənmə imkanlarını, rəhbər və komanda şəraitini, real məsuliyyət verilib-verilməyəcəyini, bir ildən sonra CV-də hansı təcrübələrin olacağını və əmək münasibətlərinin rəsmiləşdirilib-rəsmiləşdirilməyəcəyini nəzərdən keçirməli olduğunu söyləyib.
Məcidov nümunə gətirərək bildirib ki, başlanğıcda daha aşağı maaşla (məsələn, 700–800 manat) real təcrübə qazandıran iş, uzun müddətdə inkişaf imkanı verməyən və daha yüksək ilkin məvacib təklif edən işdən faydalı ola bilər. Onun fikrincə, əsas sual gəncin özünə cavablandırmalı olduğu məsələdir: bu işdə bir ildən sonra mən daha dəyərli mütəxəssis olacağammı?
Ekspert əlavə edib ki, karyeranın başlanğıcında çətin və məsuliyyətli tapşırıqlara, tənqidə, geribildirime və əlavə öyrənməyə dözümlü olmaq normaldır, lakin bu, hüquqların və təhlükəsiz iş şəraitinin təməl prinsiplərinin pozulması demək deyil. Gənclər karyera qurmaq üçün çətinliklərə dözməli olsa da, əməkhaqqının ödənilməməsi, sistemli hörmətsizlik, qanunsuz tələblər, ayrı-seçkilik və şəxsi sərhədlərin davamlı pozulmasına razı olmamalıdır.