Cəbəllütariq boğazı və Kadis körfəzi ərazisində yaşayan ən yaşlı qatil balina hesab olunan təxminən 60 yaşlı Toni-nin bədənində yeni xəsarətlər aşkarlanıb.
Mütəxəssislər bu həftə Toni-nin arxa üzgəcində və bel nahiyəsində təxminən 12 yeni iz müəyyən ediblər. Bildirilir ki, həmin xəsarətlər bir neçə həftə öncə çəkilmiş fotoşəkillərdə görünməyib.
WeWhale təbiəti mühafizə təşkilatı əvvəlki və son fotoşəkilləri müqayisə etdikdən sonra vəziyyət barədə narahatlıq ifadə edib. Təşkilatın təsisçisi Janek Andre xəsarətlərin mərmi atəşi nəticəsində meydana gəlməsi ehtimalını istisna etməyib.
Atlantik Qatil Balina İşçi Qrupunun ilkin texniki qiymətləndirməsi izlərin təxminən 9 millimetrlik qurğuşun mərmilərinin təsirinə uyğun ola biləcəyini göstərir. Tədqiqatçılar qeyd edir ki, ov sursatlarında üç sıra düzülmüş mərmilərdən istifadə edilir və izlərin yerləşmə forması bu modelə uyğunluq göstərə bilər.
İspaniya Ekoloji Keçid və Demoqrafik İşlər Nazirliyi avqustun 11-də hadisədən xəbər tutub. Növbəti gün Biomüxtəliflik, Meşələr və Səhralaşma üzrə Baş Direktorluq zəruri ilkin araşdırmaya başlayıb və məsul şəxslərin müəyyən edilməsi məqsədilə iş aparılacaq.
Ekoloji Keçid naziri Sara Agesen xəsarətlərin mərmi zərbəsinə uyğunluğunu təsdiqləyib və qatil balinaların həssas növ olaraq qorunduğunu, onlara zərər vurulmasının ciddi qanun pozuntusu hesab edildiyini vurğulayıb.
Mütəxəssislər Toninin 20 ildən artıq müddəti əhatə edən fotoarxivinə çıxışı var və həmin materiallar heyvanın əvvəlki vəziyyəti ilə yeni xəsarətlərin müqayisəsini mümkün edir. Lakin İspaniya hakimiyyəti hələlik balinanın vurulduğunu rəsmi olaraq təsdiqləməyib; izlərin mənşəyi foto və arxiv materiallarının dərin təhlili və heyvanın və onun qrupunun müşahidəsi ilə müəyyənləşdiriləcək. Hazırda mərmi zərbəsi əsas işçi versiya hesab olunur.
Cəbəllütariq boğazı və Kadis körfəzi ərazisində yaşayan qatil balinalar İspaniyada nəsli kəsilmək təhlükəsi ilə üzləşən həssas növlər siyahısına daxil edilib. Qanun bu heyvanların öldürülməsini, tutulmasını, təqib olunmasını və narahat edilməsini qadağan edir.
Həmçinin gəmilərin qatil balinalara 500 metrdən yaxın məsafəyə yaxınlaşması, onlarla qarşılıqlı əlaqəyə girməsi, yemləməsi, hərəkət istiqamətlərini bağlaması və ya qrupları ayırması qadağandır. Qaydaları pozan şəxslər 2 milyon avroyadək cərimə və bəzi hallarda cinayət məsuliyyəti ilə üzləşə bilərlər.
2020-ci ildən bəri bu bölgədə gəmilərlə qatil balinalar arasında təmasların sayında artım müşahidə olunur. Buna görə İspaniyanın Nəqliyyat və Ekoloji Keçid nazirlikləri mümkün olduqda aprel-avqust aylarında həmin ərazidə naviqasiyadan çəkinməyi tövsiyə edir və dənizçilərə qarşılaşma zamanı sahilə doğru hərəkət etmək, təhlükəli manevrlərdən çəkinmək və hadisəni xilasetmə xidmətlərinə bildirmək məsləhət görülür.