Dünən gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 tipli qırıcı təyyarələr İdlib yaxınlığındakı aviabazaya zərbələr endiriblər.

İsrail mediası hücumla bağlı yayılan xəbərlərdə, sözügedən aerodromda Türkiyənin mövqelərinin olacağını iddia edib.

Türkiyə Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edib və ölkə ordusunun adı çəkilən aerodromda baza yerləşdirmək barədə heç bir planının olmadığını bildirib.

Nazirliyin mətbuat xidmətinin bəyanatında qeyd olunub: “Zatən İsrail öz aqressiv siyasətini heç bir əsası olmayan iddialar üzərindən qurur və müxtəlif bəhanələr altında ətrafına hücum edir. Sərhədlərimizin yaxınlığına endirilən zərbəyə gətirdikləri bəhanə də digərləri kimi əsassızdır.”

Bir neçə gün öncə Qətərin "Al-Jazeera" telekanalına müsahibəsində Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin siyasətini sərt tənqid edib və bildirmişdi ki, Türkiyəni ölkə maraqlarının təminatı məsələsində müharibə seçimi qarşısında qoysalar, dövlət və millət maraqlarını rəhbər tutaraq savaşa daxil olmaqdan çəkinməyəcək.