İstanbulda bir şirkətin sahibi telefon zəngi vasitəsilə dələduzluğa məruz qalıb və böyük məbləğdə pul itirib.

Şirkət rəhbəri polisə verdiyi açıqlamada ona zəng edən şəxsin özünü “bank təhlükəsizliyi koordinatoru” kimi təqdim etdiyini bildirib. Zəng edənlər hesablarında problem olduğunu və vəsaitin qorunması məqsədilə pulların başqa hesablara köçürülməsinin lazım olduğunu söyləyiblər.

Təlimatlara əməl edən sahibkar nəticədə 20 milyon 875 min 215 türk lirəsi və 39 min avronu şübhəlilərin göstərdiyi hesablara köçürüb.

Müraciət əsasında İstanbul Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin Fırıldaqçılıq Bürosu hadisəni araşdırmağa başlayıb. İstintaq zamanı vəsaitlərin müxtəlif bank hesablarına köçürüldüyü və daha sonra şəbəkə üzvləri tərəfindən çıxarıldığı müəyyən edilib.

Polis əməliyyatı nəticəsində fırıldaqçılıq şəbəkəsində təşkilatçılardan mühasiblərə, zərgərlərdən kriptovalyuta vasitəçilərinə qədər müxtəlif şəxslərin iştirak etdiyi aşkar edilib.

Avqustun 10-da keçirilən ilkin əməliyyatda 5 şübhəli saxlanılıb. İstintaq davam etdikcə təşkilatla əlaqəsi olduğu iddia edilən daha 8 nəfər daha tutulub; onlardan biri T.G. olub və onun barəsində əvvəllər 36 cinayət qeydi olduğu bildirilib.

Məhkəməyə çıxarılan 8 nəfər barəsində həbs qərarı verilib və onlar həbsxanaya göndəriliblər. Əməliyyat zamanı saxlanılan digər 4 şəxsə məhkəmə nəzarəti tədbiri tətbiq edilib.

Əməliyyat çərçivəsində sənədsiz olduğu bildirən 3 ədəd Glock markalı tapança və 12,28 qram narkotik maddə də götürülüb. Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.