Azərbaycanın “Səhər” telekanalının fəaliyyətinin qanunsuz sayılmasından sonra İslam Respublikasının Bakıdakı keçmiş səfiri Möhsün Pakayin “Kompas” proqramına müsahibə verib.

Pakayin iki ölkə arasındakı münasibətlərin əvvəlki illərlə müqayisədə daha yaxşı olduğunu söyləyib və “Səhər” telekanalının da münasibətlərin inkişafına töhfə verdiyini iddia edib.

Proqramın aparıcısı telekanalın Azərbaycan tərəfindən qanunsuz sayılmasının iki ölkə arasında “layiqli münasibət”in göstəricisi olmadığını vurğulayaraq, səfirdən bu qərəti necə qiymətləndirdiyini soruşub.

Pakayin konkret səbəblərə toxunmaq istəmədiyini bildirərək, “qonşu ölkələr arasında fikir ayrılıqları baş verir” deyib.

Diplomat əlavə edib ki, rəsmi dövlət kanalı olan AzTV-ni İran tərəfindən “düşmən və terrorçu kanallar” siyahısına salmaq düzgün addım deyil. “Mən elə düşünmürəm ki, biz AzTV-ni düşmən və terrorçu kanallar siyahısına salmalıyıq. Məsələn, biz bu telekanalı ‘Iran International’ kimi kanallarla eyni siyahıya yerləşdirməməliyik. Mənim fikrimcə, bu, bir növ səhvdir”, – Pakayin deyib.

Müsahibənin sonunda o, hər iki ölkənin televiziya kanalları və xəbər agentliklərinin mövcud vəziyyətdə təmkinli davranacağına ümid etdiyini bildirib.