Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi saxta sosial şəbəkə profilləri və WhatsApp ani mesajlaşma hesablarından istifadə etməklə dövlət qulluqçularının və hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından törədilən çoxsaylı kiberdələduzluqlara qarşı əməliyyat keçirib.

Əməliyyat nəticəsində Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.

Apardılan araşdırmalar göstərir ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplarla əlaqə yaradaraq onlara yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə olunan bank kartları və digər məlumatlar təmin ediblər.

Məlum olub ki, həmin şəxslərin vasitəsilə onlayn satışa çıxarılan mobil nömrələr və bank kartları qeyd olunan cinayət əməllərinin həyata keçirilməsində istifadə edilib. Əməliyyat zamanı 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qanunsuz yolla əldə olunduğu və bu vasitələrin cinayətkar fəaliyyətlərə cəlb edildiyi aşkar edilib.

Həmçinin bəzi kart və nömrələrin onlayn qumar və kazinoların təşkilində istifadə olunduğu müəyyən edilib.

Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Xaricdə fəaliyyət göstərən kibercinayətkar qrupların digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər də aparılır.

Daxili İşlər Nazirliyi vətəndaşları bank rekvizitlərini və mobil nömrələri üçüncü şəxslərə cinayətkar məqsədlərlə təqdim etməməyə çağırır. Nazirlik həmçinin bildirir ki, əgər bank kartından və ya mobil nömrədən qeyri-qanuni istifadə aşkar edilsə, hesabınıza şübhəli mənbədən pul vəsaitləri köçürülübsə, mobil nömrənizə şübhəli SMS-lər gəlirsə və ya sizə ödəniş qarşılığında bank kartı məlumatlarınızı vermək təklif olunursa, ayıq-sayıqlıq göstərilərək dərhal polis orqanlarına məlumat verilməlidir.