Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internet resurslarından istifadə etməklə xaricdən idarə olunan onlayn qumar oyunlarının təşkilinə görə mütəşəkkil dəstənin üzvlərinin tutulması üzrə əməliyyatları başa çatdırıb.
Kiberpolis Gürcüstanın yerli hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində “chc.play” platformasına bağlı “Martin” kazino və digər adlar altında fəaliyyət göstərən cinayətkar qruplaşmanın rəhbəri Əliyev Anar İslam oğlu (“Anar007”) saxlanılaraq ölkəyə gətirilib.
Araşdırmalar göstərib ki, A.Əliyev mütəşəkkil dəstə yaradaraq xaricdə təşkil olunan qanunsuz mərc və kazino oyunlarına Azərbaycan vətəndaşlarını cəlb edib. O, həmin şəxsləri Tbilisi və digər şəhərlərdə icarəyə götürdüyü mənzillərdə yerləşdirərək onlayn qumar fəaliyyətini təşkil edib.
Əməliyyat zamanı dəstənin digər üzvləri — Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Əliyev Anar Surac oğlu da saxlanılaraq istintaqa cəlb ediliblər. Məlumata görə, onlar dəstə başçısının göstərişinə əsasən yerli mobil operatorların nömrələri, bank kartları və digər texniki vasitələrlə qumar oyunlarının fəaliyyəti üçün təminat yaradıb.
Həmçinin istintaqda müəyyən edilib ki, onlayn kazino fəaliyyətindən əldə olunan vəsaitlər əvvəlcə nağdlaşdırılıb, sonra isə kriptovalyuta şəklində A.Əliyevə məxsus hesablara köçürülüb. Qanunsuz yolla əldə olunmuş pulun bir hissəsi daşınan və daşınmaz əmlakların alınması yolu ilə leqallaşdırılıb.
Saxlama zamanı dəstə üzvlərinin üzərindən çoxsaylı elektron daşıyıcılar, bank kartları və digər əşyalar götürülərək maddi sübut kimi təmin edilib. Həmin şəxslərə Baş İdarədə ittihamlar elan olunub və cinayət məsuliyyətinə cəlb ediliblər.
Məhkəmə qərarı ilə A.Əliyev və Ş.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Qanunsuz fəaliyyətdə iştirak edən digər şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam edir.
Nazirlik vətəndaşları qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırır və bildirir ki, həm qumar oyununun təşkili, həm də belə oyunlarda iştirak hüquqi məsuliyyət yaradır.