DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələr və "WhatsApp" vasitəsilə şəxsi məlumatları ələ keçirməklə törədilən kiberdələduzluqlara qarşı əməliyyatlarını davam etdirir.
Kiberpolis tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlərlə Elcan Cəfərov saxlanılıb. Onun şübhəli əməlləri üzrə Baş İdarədə cinayət işi açılıb.
Araşdırmaya görə, E. Cəfərov bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual oxşarlıq yaradan saxta səhifələr hazırlayıb. Daha sonra həmin saxta səhifələri sosial şəbəkələrdə və "WhatsApp" qruplarında reklam edərək daha çox şəxsi cəlb edib.
Saxta səhifəyə daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, kartın son istifadə tarixi, CVV və OTP təhlükəsizlik kodları tələb olunub. Bu məlumatları əldə etdikdən sonra o, kartdakı vəsaitləri digər şəxslərin hesablarına köçürərək nağdlaşdırıb.
Faktla bağlı olaraq E. Cəfərov cinayət məsuliyyətinə cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.